"1941-45 müharibəsi"ndə Sovet ordusu
sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320
mindən çoxu döyüşlərdə həlak oldu.
Böyük Vətən Müharibəsi zamanı göstərdiyi
qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq
görüldü.
Ələkbərov Novruz Əvdil oğlu 1925-ci ilin iyul ayının 7-də Xocalı rayonunun dilbər guşələrindən biri olan Kosalar kəndində dünyaya göz açmışdır. O, Böyük Vətən Müharibəsindən
Xocalı rayonunda bizlərə yadigar qalan yegənə iştirakçıdır. Onun gözləri önündə
neçə-neçə dəhşətli ölüm, dağıntı, fəlakət səhnəsi baş veribdir. O, 206-cı polkun atıcı diviziyasında Həzi
Aslanovun ölümündə şübhəli bilinən Ovanes Baqramyanın dəstəsində plemyotçu
olmuş, Belarusiyanın alman-faşist işğalından azad olunmasında iştirak etmişdir.
Novruz kişi tarixin ən qanlı və uzunmüddətli mühasirələrindən biri olan
Leninqradın (indiki Sankt-Peterburq) Almaniya və Finlandiya ordusunun 82 günlük
mühasirəsinin yarılmasında Georgi Jukovun diviziyasında da döyüşmüşdür. Bundan
sonra o, Stalinqrad, Lvov və Varşavada döyüşlərdə olub. Polşadakı ilk döyüşlərində
başından və çiynindən yüngül yara almışdır. Varşavada sol ayağından ağır qəlpə
yarası aldıqdan sonra Saratov hospitalına müalicəyə göndərilmişdir. 5 ay müalicə
aldıqdan sonra ordu sıralarından tərxis olunaraq Vətənə qayıtmışdır. Onun
keçdiyi döyüş yolu igidlik və sücaətlə zəngindir. Çoxlu sayda medallarla təltif
edilmişdir. Medalların bir qismini köçkünlük zamanı itirmişdir.
İkinci Dünya müharibəsində şərəfli
döyüş yolu keçmiş Azərbaycanın mərd oğul və qızlarının tarixi şücaətləri, qəhrəmanlıqları
bu gün gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Novruz Ələkbərov da
bizim üçün dəyərli miras, qürur və fəxr mənbəyidir. Biz babalarımızın əldə
etdiyi qələbənin qiymətini dərk etməliyik.
Xocalı rayonunun Böyük Vətən Müharibəsi
veteranı, müharibənin yadigarı Novruz Ələkbərov ömrünün 93-cü ilində ağır xəstəliklə
mübarizə aparır. Allahdan Novruz kişiyə ağrılarının yüngül olmasını arzulayır və
ona şəfa diləyirik. Hər sahədə olduğu kimi, Böyük Vətən müharibəsi iştirakçıları da ölkə Prezidenti İlham Əliyevin diqqqətindən kənarda qalmırlar.
Qələbə Günü münasibətilə sağ qalan hər bir veterana min manat, dünyasını dəyişənlərin dul arvadlarına 500 manat məbləğində birdəfəlik müavinət verilir.
Azərbaycanın igid oğlu Novruz Ələkbərovu
9 may - Qələbə Günü münasibətilə təbrik edirik...